""Azərxalça" ciddi valyuta gətirən böyük bir quruma çevriləcək" - MÜSAHİBƏ
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov geniş müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
-Vidadi müəllim, söhbətimizə Azərbaycan xalçaçılıq tarixindən başlayaq.
-Xalça Azərbaycanın kimliyidir. Azərbaycan xalçası Azərbaycan xalqı qədər qədimdir. Heç bir azərbaycanlı ailəsinin evini, məişətini xalçasız təsəvvür etmək mümkün deyil. Bizim üçün xalça həmişə müqəddəs olub. Uşaqlarımız xalçanın üstündə doğulub, insan dünyasını dəyişəndə onu qəbir evinə xalça arasında aparıblar. İlk vaxtlar xalça evdə sadəcə bir məişət əşyası olub. Azərbaycan türkünün əl əməyinin məhsulu olan xalça sonralar xalqımız tərəfindən təkmilləşdirilərək sənət səviyyəsinə yüksəldilib və müqəddəsləşdirilib. Azərbaycan xalçaları 9 qrupda təsnifləndirilib. Bu, ölkəmizi başçısının xalçaçılığın inkişafı ilə bağlı qəbul etdiyi Dövlət Proqramında da öz əksini tapıb.
-Son illər xalçaçılığın inkişafı ilə bağlı xeyli iş görülüb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, onun filialları fəaliyyətə başlayıb, Dövlət Proqramı qəbul olunub. Azərbaycanın hədəfi nədir? Bu sahəyə niyə bu qədər diqqət ayrılır?
-Evdə olan bütün əşyalar zamanla öz əhəmiyətini itirəndir, təkcə xalçadan başqa. İnsanla sona qədər yol gedən yenə xalçadır. Nəsillər dəyişir, ancaq xalça qalır. Xalçada bizim tariximiz yaşayır. Hər xalça toxunduğu dövrdə insanların həyat tərzi, duyğu və düşüncələri barədə müəyyən informasiyalar verir. Xalqımız gördüyünü, bildiyini, yaşadığı dövrün tarixini xalçalara köçürüb. Odur ki, xalça xalqımızın milli dəyəri səviyyəsinə yüksəlib. Bundan başqa, xalça həmişə ixrac məhsulu olub, ölkəyə gəlir gətirib. Xalça həm də bütün dünyada Azərbaycanın təbliğat vasitəsinə çevrilib. Bu mənada, Azərbaycanda xalçaçılığın inkişafına göstərilən dövlət qayğısı təsadüfi deyil. Ulu öndərimiz Heydər Əliyev tərəfindən bu sahədə müəyyənləşdirilmiş strateji kurs Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Prezident İlham Əliyevin dəstəyi ilə Mehriban xanım Əliyevanın milli dəyərələrimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldilməsi sahəsində həyata keçirdiyi tədbirlər milli irsimizə sahib çıxmağın, onu yaşatmağın, tarixi yaddaşı bərpa etməyin analoqu olmayan nümunəsidir. Məhz Mehriban xanımın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.
Azərbaycanda xalçaçılıq sənətinin yaşadılmasının və onun ölkə iqtisadiyyatındakı rolunun əhəmiyyətini dərindən təhlil edən Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.
Həmin ildən respublikamızın regionlarında “Azərxalça”nın filiallarının yaradılmasına başlanılıb. Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. 2017-ci ildə isə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb.
Dövlət başçısı “Azərxalça”nın ilk filialının açılış mərasimində iştirak etməklə, bu sahəyə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını göstərdi. Yeri gəlmişkən, qeyd edim ki, Prezident İlham Əliyev və Mehriban xanın Əliyeva indiyədək “Azərxalça”nın Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdam filiallarının açılış mərasimlərində iştirak ediblər.
Xalçaçılığın inkişafı istiqamətdə görülən işlər 2018-ci ildə də davam etdirilib. Dövlət başçısının müvafiq Sərəncamlarına uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan və Lənkəran şəhərlərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binaları tikilib. Ötən ilin sonundan artıq həmin filiallarda xalça toxunur.
Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda Səhmdar Cəmiyyətin filiallarında 1600 nəfərdən çox toxucu çalışır.
Ötən il avqustun 25-də İsmayıllı filialının açılış mərasimində toxucuların xahişini nəzərə alan Prezident bu rayonda yeni emalatxana binasının tikilməsi haqqında Sərəncam imzalayıb. Ölkə rəhbərinin 2018-ci il avqustun 27-də imzaladığı Sərəncamla İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait ayrılıb. “Azərxalça”nın İsmayıllı şəhərində yaradılan ikinci filialının tikintisi sürətlə davam etdirilir. Filialın bu ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.
-İndiyə qədər “Azərxalça”nın filiallarında neçə kvadratmetr xalça toxunub? Ümumiyyətlə, xalça emalatxanalarının istehsal gücü nə qədərdir?
-Səhmdar Cəmiyyətin filiallarında bu günə qədər 2010 ədəd, 6863 kvadratmetr xalça toxunub. Filialların kadr potensialı tam formalaşdırıldıqdan sonra hər emalatxanada ay ərzində 250, ildə 3000 kvadratmetr xalça toxunması nəzərdə tutulub. “Azərxalça”nın 31 filialının yaradılacağını nəzərə alsaq, bu da o deməkdir ki, il ərzində Səhmdar Cəmiyyətin filiallarında 93 min kvadratmetr xalça toxunacaq. Bu, çox ciddi rəqəmdir. Xalça satışı ilə bağlı qarşımıza qoyulan vəzifələrin icrası istiqamətində mühüm tədbirlər həyata keçiririk. Görülən işlər onu deməyə əsas verir ki, “Azərxalça” yaxın gələcəkdə rentabelli, ölkəmizə ciddi valyuta gətirən böyük bir quruma çevriləcək.
-“Azərxalça”nın məhsullarının beynəlxalq bazara çıxarılması istiqamətində hansı işlər görülüb?
-Xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə əlaqələrimizi genişləndiririk. Biz məhsullarımızı 2017-2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satışı sərgisində, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Shov-da, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə təqdim etmişik. Bu tədbirlər Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu göstərdi. Artıq Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Rusiyanın və Avropa ölkələrinin bir sıra böyük xalça şirkətləri ilə danışıqlar aparılıb. İsveçin Stokholm şəhərində isə Azərbaycan xalçalarının satışı mağazası fəaliyyətə başlayıb. Bu, xaricdə açılan ilk mağazadır. İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət etmişdi. Təklif dəyərləndirildi, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distributoru olmasına razılıq verildi. Stokholmda açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlif ölçülü 15 xalça satışa çıxarılıb.
Qeyd edim ki, həmin şirkətin sahibi İsveçdə yaşayan bir həmyerlimizdir. Biz belə mağazaların açılmasında maraqlıyıq. Xaricdə yaşayan və sahibkarlıqla məşğul olan həmyerlilərimizə səslənirəm. Biz Azərbaycan xalçalarının xarici bazarlara çıxarılması üçün həmyerlilərimizə hər cür dəstək verməyə hazırıq. Burda bizim həm biznes, həm də milli maraqlarımız vardır. Biznes tərəfi aydındır. Milli marağımız isə ondan ibarətdir ki, heç bir millətin nümayəndəsi Azərbaycan xalçasını azərbaycanlılar qədər sevə və təbliğ edə bilməz.
- “Azərxalça”nın məhsulları dünya bazarına “Azərbaycan brendi” kimi ixrac olunur. Azərbaycan xalçasının brend məhsul kimi möhkəmləndirilməsi sahəsində hansı addımlar atılır?
Azərbaycan xalçası tarixən dünya bazarında brend məhsul kimi satılıb. Bu gün dünyanın bir çox nüfuzlu muzeylərində və şəxsi qalereyalarında saxlanılan Azərbaycan xalçaları onların tarixən brend məhsullar kimi alındığını və çox dəyərli olduğunu sübuta yetirən faktlardandır.
Müasir Azərbaycan dövləti tarixi ənənəni bərpa edərək əl üsulu ilə, milli naxışlarla toxunan xalçaların şöhrətini özünə qaytarmaq, onu yenidən beynəlxalq brendə çevirmək üçün mühüm tədbirlər həyata keçirib. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.
Dövlət Proqramında qeyd olunduğu kimi, xalçaçılıq işinin inkişafını dəstəkləyən ölkələr, əsasən, xalçaçılıq sahəsində ölkə brendlərinin yaradılmasına və xarici bazarlarda təşviq edilməsinə xüsusi əhəmiyyət verirlər. Bu isə həmin ölkələrdə xalça istehsalının rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. "Azerbaijan carpet" ("Azərbaycan xalçası") ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması Azərbaycan xalçalarının başqa ölkə brendləri adı altında satılmasının qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir.
"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirmişik. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan brendi" adı ilə satılır.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan xalçası" brendinin dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir.
Bunun üçün reklam, təbliğat və marketinq işi aparılır. Azərbaycan xalçalarının təbliğatı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əməkdaşlıq edilir. Bu jurnalların hər nömrəsində Azərbaycan xalçaları reklam olunur. Daha çox biznes sektorunda yayılan bu jurnallarda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki saylarında klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu jurnalların əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir.
Azərbaycan xalçalarının milli brend kimi təbliğatında sosial şəbəkələrin imkanlarından da istifadə olunur.
- Biz bilirik ki, filiallar fəaliyyətə başlamamışdan əvvəl tədris-hazırlıq kursları təşkil edirsiniz. İndiyə kimi nə qədər toxucu hazırlamısınız?
-Xalça istehsalı emalatxanalarını yaratmaq işin bir tərəfidir. Digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. Bu kurslara indiyədək 2 min nəfərdən çox toxucu cəlb olunub.
2016-2017-ci illərdə yaradılan filialların fəaliyyətinin təmin edilməsi məqsədilə Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax və Ağdam rayonlarında tədris-hazırlıq kursları təşkil olunub. Həmin kursları bitirən 1000-ə yaxın toxucuya sertifikat verilib, onlar "Azərxalça"nın filiallarında işlə təmin ediliblər.
"Azərxalça"nın 2018-ci ildə yaradılan daha 10 filialında çalışan toxucular da tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Builki kurslara da 1000 nəfərdən çox toxucu cəlb edilib.
Yaxşı haldır ki, kurslara cəlb edilən toxucuların əksəriyyəti gənclərdir. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır.
-Qeyd etdiniz ki, 20 filial artıq fəaliyyət göstərir. Bu filialların xammalla təmin olunması istiqamətində də işlər görülür. Səhmdar Cəmiyyətin filiallarında nə vaxt yerli xammaldan xalça toxunacaq? Bu, xalçanın maya dəyərinə təsir edəcəkmi?
-Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır. Bu məqsədlə respublikanın yun və boyaq bitkiləri ehtiyatları öyrənilib, Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabrikinin tikintisinə başlanılıb. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. İpliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaqdır. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, bundan başqa ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.
Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bu məntəqələr lazımi texniki avadanlıqlarla və yük maşınları ilə təmin ediləcək. Tədarük məntəqələrində il ərzində respublikamızın bütün bölgələrindən 1500 ton yun qəbul olunacaqdır.
Sumqayıt Kimya Sənaye Parkında inşası sürətlə davam etdirilən Yunəyrici-Boyaq Fabrikinin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu da o deməkdir ki, 2020-ci ildən bizim xalça istehsalı emalatxanalarımız yerli xammaldan istifadə edərək xalça toxuyacaqlar. Əlbəttə ki, yerli xammaldan istifadə xalçanın istehsalında maya dəyərini aşağı salacaq. Bu da imkan verəcək ki, biz istehsal etdiyimiz xalçanı daha aşağı qiymətə təklif edə bilək.
- “Azərxalça” yun tədarükü zamanı nələrə diqqət yetirəcək? Yun qəbulu üçün hansısa standart müəyyənləşdirilibmi?
- Siz çox aktual bir məsələyə toxundunuz. Əvvəla onu deyim ki, biz tədarük məntəqlərində yalnız kirli yun qəbul edəcəyik. Əhalidən və təsərrüfatlardan yun tədarük edilərkən xalça toxunması üçün iplik istehsalına yararlı olan yun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Onu da deyim ki, iplik istehsalı üçün yararlı olmayan yunun qəbulu zamanı yuxarıda qeyd etdiyim standartlar tətbiq olunmayacaq. "Azərxalça" yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edib. Bu kurslarda tədarükçülərə yun qəbulu prosesi öyrədilir.
- Bu standartları necə müəyyənləşdirmisiniz? Nəyə görə ildə bir dəfə qırxılan və hündürlüyü 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcəkdir?
- Bu, bizim tətbiq etdiyimiz standart deyildir. İplik istehsalı üçün yararlı olan yunun tələbi belədir.
-Vidadi müəllim, Səhmdar Cəmiyyət adından yayılan rəsmi məlumatlarda Hazır Xalçaların Emalı Mərkəzinin tikiləcəyi bildirilir. Bu barədə Azərbaycan cəmiyyətində kifayət qədər məlumat yoxdur. Hazır xalçanın emalına ehtiyac varmı? Ümumiyyətlə, hazır xalçanın emalı deyərkən nə nəzərdə tutulur?
-Bəli, bu il Sumqayıt Kimya Sənaye Parkında Cəmiyyətin daha bir əhəmiyyətli obyekti – Hazır Xalçaların Emalı Mərkəzi də inşa ediləcək. Siz çox düzgün qeyd etdiniz ki, hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. Ancaq dünya təcrübəsi bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra o, emal olunmalıdır. Yəni xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalçanın təbii boyalarla boyanmış iplərdən toxunduğu, keyfiyyəti emaldan sonra üzə çıxır. Ona görə də dünya bazarında emaldan keçməmiş xalçanı almırlar. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaqdır.
-Deməli, xalça satışının genişləndirilməsi üçün emal prosesi əhəmiyyətli mərhələdir.
-Əlbəttə. Mən deyərdim ki, xalçanın toxunması qədər əhəmiyyətlidir. Azərbaycan xalçası çox keyfiyyətlidir. Ona görə də bizim xalçaların satışı ilə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq, istehsal etdiyimiz məhsulları dünya bazarının tələbləri səviyyəsinə gətirmək lazımdır. Bu da Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından və fəaliyyətinin təşkilindən asılıdır.
-“Azərxalça”nın fəaliyyətə başlaması həm də iş yerlərinin yaradılmasına səbəb olub. Səhmdar Cəmiyyətin strukturları tam formalaşdırıldıqdan sonra nə qədər iş yeri yaradılacaq?
-Son illər ölkəmizdə yeni iş yerlərinin açılması istiqamətində görülən mühüm işlərdən biri də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. “Azərxalça”nın fabrik və filiallarının, tədarük məntəqələrinin yaradılması prosesi başa çatdırıldıqdan sonra xalçaçılıq sahəsində 5 mindən çox iş yeri açılacaq ki, bu da ölkəmizin inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.