MALİYYƏ

8 ayda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

2025-ci ilin 8 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Belə ki, cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 359,4 milyon manat təşkil edib ki, bu da səkkiz aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 561,1 milyon manat təşkil edərək proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manat təşkil edərək proqnozdan 7,2 milyon manat və ya 31,0 faiz, sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 654,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub.

Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 8 ayı ərzində 23 725,9 milyon manat proqnoza qarşı 22 308,0 milyon manat məbləğində icra edilib ki, bu da 94 faiz təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)