İran turistlərin təkbaşına səyahət etməsinə "şlaqbaum" qoydu

Turoperatorların hələ də İrana tur sata bilməməsi ilə yanaşı, müstəqil səyahət edənlərin bu ölkəyə girişi də çətinləşib.
İrana səfər etməyi planlaşdıran turistlər birbaşa konsulluğa viza üçün müraciət edə bilməzlər. Bu, indi yalnız İran turizm agentlikləri, həmçinin ölkədəki otellərin bronlaşdırılması vasitəsilə həyata keçirilməlidir. Yeni qaydalar iyunda İsraillə silahlı münaqişədən sonra tətbiq edilib.
Özbaşına giriş icazəsi almağa çalışanlara, bir qayda olaraq, konsulluğun izahatı ilə imtina edilir: “Sənədləri İran turizm agentliyi vasitəsilə təqdim edin”.
Yeni qaydalara əsasən, viza müraciətçiləri sosial media hesablarına qədər şəxsi məlumatlarını təqdim etməlidirlər. Bundan əlavə, rəsmi turizm agentliyi ilə müqavilə, hotel rezervasiyası təsdiqi, tam səyahət marşrutu və lisenziyalı bələdçi ilə müşayiət olunmaq məcburidir.
Əlavə olaraq, müraciət edənlərdən CV, təhsil və səyahət tarixçəsi də tələb olunur. İran səfirlikləri ərizələri 2-3 həftə ərzində araşdıracaq.