Neuralink pasiyentləri Tesla Optimus robotlarına qoşulacaq

İlon Maskın qurucusu olduğu "Neuralink" şirkəti beyin-çip implantı yerləşdirilmiş pasiyentləri Tesla Optimus robotlarına inteqrasiya etməyi planlaşdırır. Mask bu barədə "Neuralink"in təqdimat tədbirində məlumat verib.
Hazırda çip implantı almış yeddi pasiyentdən ilki Nolan Arbo 2024-cü ilin yanvarında əməliyyat olunub. Mask bildirib ki, istifadəçilər düşüncə ilə Optimus robotlarını məsafədən idarə edə biləcəklər.
"Neuralink" çipləri artıq istifadəçilərə yalnız düşüncə gücü ilə kompüterlərə nəzarət etməyə, yazı yazmağa, internetdə ünsiyyət qurmağa və videooyunlar oynamağa imkan verir.
Şirkət əlil şəxslər üçün robot protezlər üzərində də çalışır. Mask qeyd edib ki, bu texnologiyalar gələcəkdə "Ulduz Müharibələri" filmlərindəki səhnələri gerçəyə çevirə bilər.
Şirkət 2026-cı ilə qədər 3000, 2027-ci ildə 10 000, 2028-ci ildə isə 25 000 kanallı çip istehsalını planlaşdırır.