İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modeli təqdim edildi
Fevralın 28-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə “KPMG Azərbaycan” beynəlxalq audit şirkəti tərəfindən birgə yaradılan, qabaqcıl beynəlxalq praktikaya əsaslanan və daha dayanıqlı yeni kredit reytinq sisteminin (kredit reytinqi modeli) təqdimatı keçirilib.
Fondun mətbuat xidmətindən bildirilib ki, təqdimatda Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyinin, habelə bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edib.
Yeni yaradılan kredit reytinqi modeli Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq hazırlanıb.
Tədbirdə bildirilib ki, kredit risklərinin minimuma endirilməsi məqsədilə yaradılan model sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan yaradacaq. Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili və erkən xəbərdarlıq siqnallarının ölçülməsi vasitəsilə aparılacaq.