Nazirliklərin avtomobilləri hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 13-də növbəti hərrac barədə elan verib.
Bİ.az xəbər verir ki, həmin gün digər əmlaklarla yanaşı maşınlar da satışa çıxarılıb. Bu dəfə Energetika Nazirliyi və Dövlət Statistika Komitəsinin balansında olan 10 ədəd xidməti avtomobil hərracda satılacaq. Onlardan ən ucuzunun qiyməti 800 manatdır. 1992-ci ildə istehsal edilən "QAZ-3102" bu qiymətə hərraca çıxarılıb.
1999-cu ilə aid olan eyni markalı maşını isə 1200 manata almaq olar. "VAZ-21043" markalı maşınlar isə (2007-ci il) 2 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. 2008-ci ildə istehsal edilən "VAZ-21041"-ləri 2100 manata, "VAZ-21124" markalı maşını isə 2 500 manata satışa çıxarıblar.
Hərracın ən bahalı maşını isə 2007-ci ilə aid olan "Ford Fokus"dur. maşının ilkin satış qiyməti 6 min manat müəyyən olunub. "Hyundai H 100" isə 5 min manata təklif edilir.
Qeyd edək ki, maşınları almaq üçün onların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməklə hərraca qoşulmaq kifayətdir. Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.