Qurban bayramı tətili ucuz başa gəlməyəcək: Qiymətlər 75 faizədək bahalaşıb

Qurban bayramının yaxınlaşması ilə Azərbaycanın müxtəlif turizm bölgələrində yerləşən hotellərdə qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə Qəbələ, Quba və Şamaxıda fəaliyyət göstərən hotellərdədir. Artıq əksər hotellərdə yerlər rezerv olunub. Quba-Qusar-Xaçmazda 5 ulduzlu hotellər həftə içi 100-150 manat, həftə sonu 250 manatdırsa, bayram günləri bu rəqəm 20-30% daha baha təklif olunur. Hazırda Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər 130-170 manat aralığında dəyişir. Cənub bölgəsində yerləşən hotellərə də təlabat artıb.
"Quba Palace Hotel"də adi günlərdə dağ mənzərəli iki nəfərlik otaq 295 manatdan başlayan qiymətlə təklif olunurdusa, bayram günləri üçün bu qiymət 435 manat təşkil edir. Qiymətə səhər-axşam yeməyi və spa xidmətləri daxildir.
Qəbələdə yerləşən "Qafqaz Riverside Hotel"də 5-8 iyun tarixləri üçün üç günlük paket 1125 manat təşkil edir.
Şabranda yerləşən "Qalaaltı Hotel and Spa"da eyni tarixlərdə qiymət 1170 manat, Şamaxıda yerləşən "Sakit Göl" hotelində qiymət 1354 manat səviyyəsindədir.
Lerikdə yerləşən "Buta Hotel"də isə qiymətlər daha münasibdir. Belə ki, sözügedən hoteldə bayram günlərində üç günlük paket cəmi 211 manat təşkil edir.
"Şəki Palace Hotel" aldığımız cavaba görə isə təsisatda iyun ayından etibarən yüksək sezon qiymətləri tətbiq olunur və bu səbəbdən bayram günləri üçün ciddi qiymət dəyişikliyi gözlənilmir.
"Gabala Garden Hotel"də isə iki nəfərlik otağın qiyməti adi günlərdə 250 manat olduğu halda, bayram günlərində 293 manat təşkil edəcək.
Qiymət artımlarının səbəblərini şərh edən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi bildirib ki, bayram günlərində qiymət artımları bazar tələbatına əsaslanır:
“Bayram günlərində qiymətlər adi günlərlə müqayisədə 35-50% arasında artır. Lüks kateqoriyalı hotellərdə isə bu göstərici 65-75%-ə qədər yüksəlir. Qiymətlərin artmasının əsas səbəbi tələbatın çoxalmasıdır”.
Turizm eksperti Ceyhun Aşurov isə deyib ki, bölgələrdə kirayə evlərin və hotellərin sayının artması gələcəkdə qiymətlərin daha stabil olmasına səbəb ola bilər.
“Qiymət artımları sərbəst bazar iqtisadiyyatına uyğun olaraq formalaşır. Təklif artdıqca qiymətlər də nisbətən tənzimlənmiş olur. Hesab edirəm ki, bölgələrdə hotellərin və kirayə evlərin sayının artması isə gələcəkdə qiymət sabitliyinə gətirib çıxara bilər”.
Bayramın ilk 3 günündə bəzi hotellərdə doluluq səviyyəsi 90% təşkil edir. Hotellərin rezervasiyası əsasən turizm agentlikləri və online platformalar vasitəsilə edilib.
Xatırladaq ki, ötən il Qurban bayramı iyunun 16-17-nə təsadüf etmişdi. Rəsmi statistikaya əsasən, o zaman ictimai iaşə xidmətləri sahəsində dövriyyə 228 milyon 171 manat təşkil edib. Bu göstərici 2023-cü ilin eyni ayı ilə müqayisədə 14,5 faiz artıb.(Teleqraf)