Azərbaycanın xaricdə 66 dövlət mülkiyyəti var

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olan 9 547 ədəd və 25 859,15 min m2 torpaq sahəsindən 2024-cü ildə 33-ü və 255,35 min m2 -i (1 %-i) özəlləşdirilib.
Bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Ümumiyyətlə, bu ilin əvvəlinə Dövlət Xidmətinin sərəncamında balans üzrə əsas vəsaitlərinin dəyəri 430 milyon manat təşkil edən dövlət müəssisə və obyektləri, nizamnamə kapitalı ümumilikdə 135,6 milyon manat təşkil edən 73 səhmdar cəmiyyətinin 115,3 milyon manatlıq səhmi, dövlət müəssisələrinin iştirakı ilə yaradılmış 26 birgə müəssisənin nizamnamə kapitalında 8,9 milyon manat dəyərində dövlətə məxsus paylar, balans üzrə əsas vəsaitlərinin dəyəri 372,5 milyon manat təşkil edən Azərbaycanın xaricdə 66 dövlət mülkiyyəti mövcuddur. Bunlardan 73 səhmdar cəmiyyətinin nizamnamə kapitalındakı 115,3 milyon manatlıq səhmlərin və 15 birgə müəssisənin nizamnamə kapitalındakı 1,4 milyon manatlıq payların özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmayıb.
Özəlləşdirilmə prosesində yaradılmış, səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər ötən il 0,1 milyon manat dividend ödəyib.