MALİYYƏ

Problemli kreditlər məsələsinin həllində vətəndaş üçün tətbiq olunacaq - GÜZƏŞTLƏR

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

 

Problemli kreditlər barədə  danışan iqtisadçı-alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, məsələnin həlli ilə bağlı ilk təkliflər İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hələ 2015-ci ildə hökumətə təqdim olunub:


“Ölkə başçısının da qeyd etdiyi kimi, artıq iki aya yaxındır hökumət nümayəndələrinin də iştirakı ilə müzakirələr aparılır. Mərkəzi Bank rəhbərilə son görüşdə də problemli kreditlər məsələsi geniş diskussiyalara səbəb oldu. Biz üçtərəfli güzəşt mexanizmi, parlament üzvlərisə fərqli mexanizm təklif edirik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, problem hər üç tərəf - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik. Artıq hökumət problemli kreditlərin həllilə bağlı mexanizmlərin hazırlanmasına başlayıb. Müzakirələrdə həm hökumət üzvlərinin, həm də ekspert qruplarının fikirləri nəzərə alınır”.

 

V.Bayramovun sözlərinə görə, yaxın günlərdə problemli kreditlərin həllilə bağlı konkret addımalrın şahidi olacağıq:
 

“İqtisadi və Sosial İnkişaf Mərkəzinin apardığı təhlillər də göstərir ki, problemli kreditlər vətəndaşları narahat edən ən ciddi məsələlərdəndir. Məhz bu narahatlıq dünənki müşavirədə ölkə Prezidenti tərəfindən diqqətə çatdırılıb. Yaxın vaxtlarda problemli kreditlərin həllilə bağlı addımların atılacağının şahidi olacağıq. Hökumət daha çox Amerika modelinin tətbiqində maraqlıdır. Burada  problemli kreditlərin səhmləşdirilərək bazara çıxarılması, bunun müqabilində vətəndaşlara güzəştlərin verilməsi nəzərdə tutulur. Həmçinin, Rusiya modelində olduğu kimi, vətəndaşlara guzəştlərin verilməsindən söhbət gedir. Bu modeldə  ödəmə müddətinin uzadılması, faizlərdə güzəştin tətbiq edilməsi, eyni zamanda aylıq ödəniş məbləğlərinin aşağı salınması və s. nəzərdə tutulur”.

 

Ekspert qeyd edib ki, proqramın tətbiqi üçün 8 milyon manat vəsait tələb olunur:
 

“ Hökumətdə gedən müzakirələrdə bu dövlət tərəfindən çəkiləcək xərc kimi nəzərdə tutulur. Bu təkcə xərc də deyil. Ola bilər dövlət bunu səhmləşdirərək bazara çıxarsın, xərcin əhəmiyyətli hissəsini qiymətli kağızlar bazarı hesabına ödəyə bilsin. Bu mütləq xərc deyil. Ona görə də fərqli yanaşmalar var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin Mərkəzi Bankla apardığı müzakirələrdə yanaşmalarda oxşarlıq olduğunu müşahidə edirik. Güman edirəm ki, bizim təkliflərin son paketə daxil edilməsi imkanları genişdir. Son paketə hansı mexanizmlərin daxil ediləcəyi hələlik bəlli deyil. Amma bütün yanaşmalarda devalvasiya nəticəsində yaranan fərqin bir hissəsi dövlət tərəfindən ödəniləcək, eyni zamanda bu mexanizmlərdə vətəndaşa ödəmə vaxtı ilə bağlı daha uzun müddət, faizlərdə güzəşt tətbiq edilə bilər ki, bu da onlar üçün aylıq ödəniş məbləğinin kəskin azalmasına gətirib çıxaracaq. Yaxın zamanlarda problemin həlli üçün proqramın qəbul olunmasının və problemli kreditlər məsələsinin həll olunacağınını şahidi olacağıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)