Neftin ucuzlaşması davam edir - QİYMƏT (11.03.2025)

Neft qlobal səhmlər və digər riskli aktivlərlə birlikdə ikinci gün də ucuzlaşıb. ABŞ-da tariflərin və digər iqtisadi tədbirlərin artıma mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar investorların riskdən qaçmasına səbəb olub.
Brent markalı neft bazar ertəsi 1,5% dəyər itirərək barrel üçün 69 dollara düşüb, ABŞ xam nefti isə 66 dollardan aşağı ticaət olunur. ABŞ Prezidenti Donald Trampın tarifləri artırmaq əzmi və geosiyasi hadisələr bazarlarda iqtisadi qeyri-müəyyənliyi artıraraq investorların riskli aktivlərdən qaçmasını sürətləndirib.
Neft yanvarın ortalarında pik həddinə çatdıqdan sonra təxminən 20 faiz ucuzlaşıb. Tramp administrasiyasının vergi hədələri və federal xərcləri azaltmaq planları dünyanın ən böyük neft istehsalçısı və istehlakçısı olan ABŞ-ın iqtisadi perspektivlərini zəiflədir. Neftin qiymətinin aşağı düşməsinə səbəb olan digər amillərə OPEC+ qrupunun hasilatı artırmaq planları və Çində tələbin azalması daxildir.
Bu arada ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib ki, Tramp administrasiyası İranın neft hasilatına qarşı sanksiyaları ciddi şəkildə tətbiq etməyə hazırdır.
Dünyanın aparıcı neft və təbii qaz istehsalçılarının rəhbərləri olan - “Chevron”, “Shell” və “Saudi Aramco” da konfransda prezident Trampın enerji siyasətini tam dəstəklədiklərini bildiriblər. Vitol Group-un baş direktoru Russell Hardy proqnozlaşdırıb ki, neft qiymətləri növbəti bir neçə il ərzində bir barel üçün 60-80 dollar arasında “məqbul” səviyyədə qalacaq.