Avtomobil

Azərbaycanda nəqliyyatla bağlı yeni güzəştlər nəzərdə tutulur

“Nəqliyyat haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Sənədin əsas məqsədi nəqliyyat sahəsində dövlət idarəetməsini daha çevik və səmərəli etməkdir. Qanun layihəsinə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumlar öz fəaliyyət istiqamətləri üzrə müəyyən işlərin görülməsi üçün lisenziya və icazələrin alınmasından azad ediləcək. Lisenziya və icazə tələb olunmayan fəaliyyət növlərinin siyahısı isə qanun qəbul edildikdən sonra təsdiqlənəcək.

Bu məsələlər “Nəqliyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bu dəyişiklik inzibati prosedurların sadələşdirilməsinə, nəqliyyat sektorunda dövlət müəssisələrinin daha operativ fəaliyyət göstərməsinə və vahid idarəetmə prinsiplərinin tətbiqinə xidmət edir. Qeyd edilir ki, analoji güzəştlər daha əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) üçün də tətbiq edilmişdi. Yeni dəyişikliklərin nəqliyyat və kommunikasiya sektorunda dövlət müəssisələrinin fəaliyyətini daha səmərəli və sürətli icra etməsinə imkan yaradacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)