İnşaat və əmlak

Bakıda tikinti dayandırılıb? - AÇIQLAMA

Bakı şəhərinin Baş Planın hazırlanmasına hazırlıq gedir, buna görə də tikinti işləri ilə bağlı nəzarət də artırılıb. Ümumilikdə, Baş Plan təsdiq edilənə qədər tikinti işləri norma və meyarlar əsasında aparılmalıdır.

"Businessinsider.az" xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, indi paytaxtda tikinti işləri gedir və onların dayandırılmasına ciddi əsas yoxdur.

“Sadəcə, önəmli məsələlərdən biri budur ki, şəhərsalma qanunvericiliyinin tələblərinə ciddi nəzarət olunmalıdır. Son müddətdə bir neçə islahat aparılıb, komitənin bu prosesin müxtəlif mərhələrində müdaxilə etmək imkanı var. Buna görə də qeyd edim ki, layihələrin dəyərləndirmə mərhələsində layihəçi təşkilatın böyük məsuliyyəti var.

Tikintinin harada olmasından çox şey asılıdır, landşafta uyğunluğu, texniki və təhlükəsizlik normaları uyğun olmalıdır. Əlbəttə, biz tikintiyə icazələrin sadə olmasına çalışırıq və məqsədimiz budur ki, rahat şəkildə, çox vaxt sərf etmədən bu proses yekunlaşsın”. 

A.Quliyev qeyd edib ki, Bakının Baş Planının hazırlanması üçün keçirilən beynəlxalq tenderə dünyada tanınan şirkətlərin nümayəndələri öz təkliflərini veriblər. Bir neçə gündən sonra tenderin qalibinin adı açıqlanacaq, amma baş planla bağlı işlər kifayət qədər uzun bir prosesdir:

“Düzdür, işlərin bir hissəsinin görüldüyünü nəzərə alsaq, biz tez başa çatmasına çalışacağıq. Baş Planın əsasında isə komitə paytaxtın müfəssəl planını tərtib edəcək”.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)