Hadisə

İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan təqsirləndirilən şəxslər barədə cinayət işləri məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Belə ki, Quba rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə “EA-Fruits” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Məmmədov Adil Nüsrət oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəmkir rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə “Exspressagro” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2,1 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Əliyev Toğrul Elşən oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün müvafiq olaraq aidiyyəti üzrə Quba və Şəmkir rayon məhkəməsinə gönədrilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)