"ABB-İnvest" şirkəti Türkiyənin dövlət istiqrazlarını aldı - MƏBLƏĞ

Dünən ilk dəfə "ABB-İnvest" şirkəti Türkiyənin qiymətli kağızlarını əldə edib və bununla bağlı depozit hesab MDM-də saxlanılır.
ENA.az xəbər verir ki, Azərbaycan və Türkiyənin mərkəzi depozitarları arasında qurulmuş birbaşa müxbir əlaqədən istifadə edərək ilk dəfə Türkiyə kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya həyata keçirilib. Əməliyyat üçün depozit hesab isə Milli Depozit Mərkəzində saxlanılır.
MDM-nin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyevin sözlərinə görə, bu əməliyyat bir ilkdir və "ABB-İnvest" 5 min manatlıq 940 ədəd Türkiyənin dövlət istiqrazını alınıb:
"Bu sınaq əməliyyatı MDM-in dəstəyi ilə həyata keçirilib və nəticədə "ABB-İnvest" öz hesabına türk milli valyutasında denominasiya edilmiş, iki il tədavül müddəti olan, illik 36 % dərəcəsinə malik, nominal dəyəri 100 türk lirəsi təşkil edən dövlət istiqrazları əldə edib. Alınmış dövlət istiqrazları üzrə klirinq və hesablaşma prosesləri uğurla başa çatdırılıb və qiymətli kağızlar MDM-in Türkiyə Mərkəzi Qeydiyyat Qurumundakı (MKK) nominal saxlayıcı hesabına köçürülərək saxlanılır".
Türk lirəsinin indiki vəziyyətində Türkiyənin dövlət qiymətli kağızlarının alınmasına gəlincə, A. Xudaverdiyev vurğulayıb ki, bu sınaq əməliyyatı olub və uğurla həyata keçirilib. Həmçinin MDM-də depozit hesabıbı açılması xarici əməliyyatların daha təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradır.
Bütün bu yeniliklər MDM-in "2024–2026-cı illər üzrə inkişaf strategiyası"na uyğun həyata keçirilir: "Əsas məqsəd rəqəmsallaşmanı genişləndirmək, xidmətlərin keyfiyyətini artırmaq və onların əlçatanlığını təmin etməkdir".
Yerigəlmişkən ENA.az olaraq qeyd edək ki, Türkiyənin dövlət istiqrazlarına xarici dövlətlərin marağı az deyil və İstanbul birjasındakı əməliyyatlarda bu istiqrazlar xüsusi bir dövriyyəni təşkil edir.