Zaxarova: “Minsk Qrupu ləğv edilməlidir”
“ATƏT-in Minsk Qrupu ləğv edilməlidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Bilirsiniz, biz bu barədə artıq şərh vermişik, lakin müvafiq açıqlamaların verildiyini nəzərə alaraq, bu mövzuya qayıdaq. Sadəcə xatırladıram: onların rəsmi nümayəndələri və Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə təmasları dayandırıblar.
Başqa bir tərəfi isə budur ki, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib.
Deməli, Minsk konfransının bütün strukturları, Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in hazırkı sədrliyinin Qarabağ nizamlanması üzrə nümayəndəliyi – hamısı ləğv edilməlidir. Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təkliflər planı irəli sürməsidir”, - Zaxarova əlavə edib.