BİZNES

Türk iş adamlarının "həm ziyarət, həm ticarət səfərləri"nin nəticələri necədir? Türkiyədən Azərbaycana nə qədər investisiya qoyulub?

MUSİAD Azərbaycan Türkiyənin ölkəmizdəki iş adamları birliklərindən biridir və kifayət qədər aktiv fəaliyyətilə seçilir. Bugün  MUSİAD Azərbaycan-ın Bakı ofisində iqtisadiyyatdan yazan jurnalistlərlə görüş keçirilib.

Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmi nümayəndələri də iştirak edib və məqsəd iki qardaş ölkə arasında iqtisadi-ticari əməkdaşlığının indiki vəziyyəti və möhkəmlənməsi üçün lazım olan birlikdə addım və iqtiqamətlərlə bağlı fikir mübadiləsi aparmaq idi.

İnvestisiya dinamikası yuxarıdır

Əvvəlcə onu qeyd edək ki, 1995-2024-cü ilin 6 ayı ərzində Azərbaycandan Türkiyəyə 20 mlrd. dollar investisiya yatırılıb. Həmin dövrdə Türkiyədən Azərbaycana investisiyaların həcmi isə 16,7 mlrd. dollar olub. Yerigəlmişkən, son iki ildə Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında müsbət dinamika izlənir.

MUSİADçıların yatırımı nə qədərdir?  

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD Azərbaycan-ın İdarə Heyətinin sədri Rəşad Cabirlinin sözlərinə görə, ölkəmizdə dərnəyin 87 üzvü var. Bu şirkətlər son üç ildə Azərbaycana 61,3 mln. manat investisiya yatırımı edib.

Həm ziyarət, həm ticarət

Türkiyədən Azərbaycana işgüzar səfərlərin artdığını qeyd edən R.Cabirli bəzən bu səfərlərin turistik mahiyyət daşıdığına dair fikirlərin bir hissəsi ilə razılaşır.

“İstənilən səfərin yaxşı tərəfləri mütləq var. Düşünürəm ki, biz ölkəmizin investisiya imkanlarını daha yaxşı təqdim etməyi bacarmalıyıq. Bu məqsədlə “Azərbaycanı seçmək üçün 101 nədən” adlı xüsusi məlumat kitabı buraxmışıq. Hesab edirəm ki, sənaye, aqro parklar, azad zonalar baxımından dövlətimiz böyük imkanlar açıb və təşviq, dəstək alətləri yetərincədir”, -deyə R.Cabirli qeyd edib.

Onun sözlərinə görə, hazırda  gömrük rejimlərinin fərqli olması bir qədər çətinliklər yaradır. Həmçinin ƏDV-nin ayrıca depozit kimi saxlanması məsələsi ilə bağlı Türk iş adamlarının təklifləri toplanaraq müvafiq qurumlara təqdim edilib.

Ticarət dövriyyəmiz necədir?

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə ticarət dövriyyəsinin həcmi 4.627,22 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1.702,60 mln. ABŞ dolları, ixracın həcmi 2.924,62 mln. ABŞ dolları təşkil edib. Xarici ticarət saldosu isə müsbət 1.222,02 mln. ABŞ dolları olub.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə Respublikası ilə ticarət dövriyyəsi 26,04 faiz, o cümlədən ixrac 35,85 faiz azalıb, idxal isə 0,31 faiz artıb.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 13,41 faiz (2-ci yer), o cümlədən idxalda 11,63 faiz (3-cü yer), ixracda isə 14,73 faiz (2-ci yer) təşkil edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)