Braziliyada ibtidai və orta məktəblərdə mobil telefondan istifadə qadağan olunur
Braziliyada Konqresinin qəbul etdiyi tənzimləmə təsdiqlənərsə, ibtidai və orta məktəblərdə mobil telefondan istifadə qadağan olunacaq.
Konqres uşaq və gənclərin sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alaraq, səsvermə nəticəsində ibtidai və orta məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsi haqqında əsasnamə qəbul edib.
Qayda Braziliya prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təsdiqlənərsə, ibtidai və orta məktəblərdə telefondan istifadəyə icazə verilməyəcək.
Mövzu ilə bağlı açıqlamasında Braziliyanın Təhsil Naziri Camilo Santana məktəblərdə mobil cihazlardan istifadənin məhdudlaşdırılmasının doğru qərar olacağını bildirib.
Ölkədə aparılan müstəqil araşdırmaya görə, 10-13 yaş arası braziliyalı uşaqların yarısından çoxunun mobil telefonu var. 14-17 yaş arasında bu nisbət yüzdə 87,6 olaraq müəyyən edilib.
Hökumətin İnternet İdarəetmə Komitəsinin məlumatlarına görə, ölkə məktəblərinin demək olar ki, üçdə ikisi mobil cihazların istifadəsini seçim yolu ilə məhdudlaşdırır, yalnız 28 faizi isə telefondan istifadəni tamamilə qadağan edir.
Locomotiva İnstitutu və QuestionPro tərəfindən oktyabr ayında keçirilən sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonun qadağan edilməsini dəstəkləyir.