Azərbaycanın 9 ayda cari əməliyyatlar balansının profisiti 4 milyard dollar olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) təxminən 4 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 7,2 %-i qədər profisit yaranıb.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 % azdır.
Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti təxminən 8 % azalaraq 11,1 milyard ABŞ dollarına düşüb, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 31,5 % artaraq 7,1 milyard ABŞ dollarına çatıb.