Sosial iqtisadiyyat

Vətəndaşlara 160 milyon manata yaxın ƏDV qaytarılıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. Bu ilin yanvar-noyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 21 milyon 301,7 min manatdan çox olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)