MALİYYƏ

Ev kreditlərində aylıq ödəniş məbləği artıb - SƏBƏB NƏDİR?

Əhalinin ev almaq üçün götürdüyü ipoteka kreditləri üzrə aylıq ödənişlərin məbləği son 7 ildə 34,6 faiz artıb. Yəni, 2017-cı ilə aylıq ödəniş üzrə orta məbləğ 296 manat təşkil edirdisə, 2024-cü ilin 9 ayının sonunda 453.2 manata yüksəlib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aylıq ödəniş 2022-cü ildə 399.5 manat, 2023-cü ildə 423.4 manat olub. Aylıq ödənişlərin bu qədər atmasının əsas səbəbi nədir, yalnız əmlakın bahalaşması, yoxsa ipoteka kreditlərinin faizində də dəyişiklik var?

Azərbaycan Qiymətləndiricilər Assosiasiyasının sədri Ramil Qasımlının sözlərinə görə, 2016-cı ildə Bakıda 55 min manata Leninqrad layihəli 2 otaqlı mənzil ev almaq olardı. Bu zaman aylıq ödəniş 230 manat olurdu. Hazırda isə 55 min manata olan həmin ev 110 min manatdır.

"Bu isə ötən müddətdə daşınmaz əmlak bazarında 2 dəfəlik bir bahalaşma olduğunu göstərir. Əgər 2016-cı ilə 150 minə rahat 3 otaqlı mənzil almaq olurdusa, indi 2 otaqlı ala bilər”.

İpoteka kreditlərinin faizlərinə gəlincə, Ramil Qasımlı bankların verdiyi kommersiya ipoteka kreditləri üzrə faizlərdə belə enmə müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, əvvəllər 8 faizdən aşağı olmayan kommersiya kreditləri hazırda 7 faizlə də verilir. Güzəştli şərtlərlə olan ipoteka kreditləri isə 4 faizdən baha olmur.

Qeyd edək ki, 2024-cü ilin sonuna Azərbaycanda verilən ipoteka kreditlərinin həcmi 4 milyard 145.3 mln. manat təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)