Sənaye

Hələ tikilib başa çatmamış, tamamən icarəyə götürülüb

İnvestisiya dəyəri 62 milyon manat olan Hacıqabul Sənaye Məhəlləsi hələ tikilib başa çatmamış istehsalat korpusları tamamən icarəyə götürülüb

Məkan - Hacıqabul rayonu, Atbulaq kəndidir. 1993-cü ildə Pirsaat çayının sahilindəki düzənlik ərazidə salınan bu kənd Bakıdan 113 kilometr aralıda yerləşir.

O vaxt heç kimin ağlına belə gəlməzdi ki, 26 ildən sonra bu düzənliyin 20 hektarlıq ərazisində Azərbaycanın ən böyük sənaye məhəlləsi - Hacıqabul Sənaye Məhəlləsi yaradılacaq. Və bu sənaye potensialı nəinki Atbulaq kəndinin, hətta ətraf kəndlərin də əhalisi üçün geniş imkanlar açacaq - kiçik sahibkarlıq subyektləri üçün əlverişli biznes şəraiti, əhali üçün isə müxtəlif iş yerləri...

Prezident İlham Əliyevin 2017-ci il 25 iyul tarixli sərəncamı əsasında yaradılan sənaye məhəlləsinin tikintisi demək olar ki, başa çatıb və son tamamlanma işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək. Görülən işlərlə, məhəllədə yaradılan infrastrukturla tanış olmaq üçün jurnalist marağı ilə Hacıqabula yollandıq.

 

4 milyon manat vəsait, nəhəng sənaye kompleksi

Öncə onu vurğulayaq ki, son illərdə ölkəmizdə sənaye park və məhəllələri yaradılır. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala, Masallı sənaye məhəllələri fəaliyyət göstərirlər.

İl yarım öncə dövlət başçısının imzaladığı sərəncama əsasən, Hacıqabul Sənaye Məhəlləsinin yaradılması üçün Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat vəsait ayrılıb və qısa zamanda işlər başa çatdırılıb. Hazırda müxtəlif dövlət qurumları ilə razılaşdırmalar aparılır. Bütün rəylər alındıqdan sonra məhəllənin istismara qəbuluna tam icazə veriləcək.

Ümumiyyətlə, sənaye məhəllələri kiçik və orta sahibkarlıq subyektləri üçün çox əlverişli imkanlar yaratdığına görə komplekslərə böyük maraq var. Çünki məhəllələr sahibkarı həm məkan, həm də tikinti xərclərindən azad edir. Belə ki, sahibkar müraciət edərək məhəllədəki istehsalat korpuslarında istənilən həcmdə yer icarəyə götürür. Həmin ərazidə isə bütün kommunal xidmətlər mövcuddur. Sadəcə olaraq avadanlıqlar quraşdırılır və istehsala başlanılır. Sahibkar dövlətə yalnız götürdüyü sahəyə uyğun icarəhaqqı verir.

Məhəllələrdə sahibkarlara torpaq sahələri də verilə bilir. Sahibkar hüquqi şəxs kimi məhəllənin ərazisindən torpaq sahəsi götürüb öz müəssisəsini inşa edir. Bu zaman isə Vergi Məcəlləsinə uyğun torpaq vergisi ödənilir. İstehsalat sahələrində yer götürən sahibkarlar dövlət tərəfindən tənzimlənən minimum qiymətlər əsasında icarəhaqqı ödəyirlər. Bu vəsaitin 50 faizi dövlət büdcəsinə, 50 faizi isə "Azərbaycan İnvestisiya Şirkəti”nə daxil olur.

Torpağı icarəyə götürənlərin vergisi isə Vergi Məcəlləsinə uyğun tənzimlənir. Burada icarəhaqqı 100 faiz dövlət büdcəsinə ödənilir.

 

İkimərtəbəli inzibati bina, 4 istehsalat sahəsi

Sənaye məhəlləsindəyik. Bu, həm sahəsinə (20 hektar), həm də investisiya dəyərinə (62 milyon manata yaxın) görə Azərbaycanın hələlik ən böyük sənaye kompleksidir. Bundan öncə sahibkarların ixtiyarına verilən Neftçala (investisiya dəyəri 45,3 milyon manat) və Masallı (investisiya dəyəri 33,5 milyon manat) sənaye məhəllələri 10 hektar ərazidə tikilib.

20 hektar ərazinin 4 hektarında 4 istehsalat sahəsi, ikimərtəbəli inzibati, eləcə də texniki və köməkçi binalar tikilib. İstehsalat korpuslarının 2-si 1296 kvadratmetr, 2-si isə 1728 kvadratmetrdir. Sahibkarların ixtiyarına veriləcək istehsalat sahələri də ikimərtəbəlidir. Birinci mərtəbədə istehsal sahəsi, ikinci mərtəbədə isə ofis, işçilərin paltar soyunub-geyinmə otagı mövcuddur.

Sahəsi 937,8 kvadratmetr olan ikimərtəbəli inzibati bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Burada, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sahibkarlara dəstək verən "KOB Dostu” da fəaliyyət göstərəcək.

 

Fasiləsiz enerji təminatı, texniki suların yenidən təmizlənərək istifadəsi

Sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə yaradılan məhəllədə artıq bütün istehsal korpusları elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yanğından mühafizə sistemləri ilə təchiz edilib.

Həmçinin ərazidə məişət və texniki suların təmizləyici qurğulardan keçib yenidən istifadə edilməsi üçün müasir qurğular, 17 meqavat gücündə elektrik yarımstansiyası, infrastruktur sistemlərinin fasiləsiz enerji ilə təmini üçün 1250 kilovat gücündə generator mövcuddur. Yəni, müəyyən səbəblərdən elektrik kəsilərsə, dərhal generator işə düşür, məhəllədə elektrik kəsilmir.

İstehsalat sahələrinin yerləşdiyi 4 hektar ərazinin 3,4 hektar ərazisinə asfalt örtüyü çəkilib.

 

Dəmiryol xətti, Ələt Azad İqtisadi Zonası, ticarət limanına yaxınlıq

Məhəllənin mühüm üstünlüyündən biri də odur ki, ərazinin yaxınlığından respublikanın baş magistral dəmiryol xətti keçir. Həmin xətdən məhəlləyə 1700 metr uzunluğunda ayrıca dəmiryol xətti çəkilib, yükləmə-boşaltma məntəqəsi üçün sahə ayrılıb.

Yəni müəssisələrin istehsal etdiyi məhsulun məhəllənin ərazisindən birbaşa istənilən məkana qatarla çatdırılması da mümkündür. Eyni zamanda sahibkar hər hansı yerdən aldığı xammalı da birbaşa qatarla məhəlləyə gətirə biləcək. Bu da sahibkarların əlavə nəqliyyat xərcindən azad olmaları deməkdir.

Sahibkarların buraya daha çox maraq göstərməsinin digər səbəbi isə məhəllənin həm Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına, həm də Ələt Azad İqtisadi Zonasına yaxın ərazidə yerləşməsidir. Bütün bunlar sahibkarların məhsullarının "Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılmasına böyük töhfə verəcək.

 

İlk rezident, dəyəri 25 milyon manat olan 3 zavod

Sənaye məhəlləsinin ilk rezidenti "ATEF sənaye kompleksi” MMC-dir. Məhəllədə 11 hektar torpaq sahəsi bu şirkətə icarəyə verilib. Ayrılmış torpaq sahəsi bütün zəruri infrastrukturlarla, yəni, su, elektrik, dəmiryol, kanalizasiya xətləri ilə təchiz edilib.

Şirkət bu ərazidə investisiya dəyəri 25 milyon manat olan, ağır maşınqayırma, kompozit materialların istehsalı və xüsusi vaqonqayırma təyinatlı 3 zavod tikəcək. İstehsal korpusları zavodların profilinə uyğun inşa olunacaq. İllik istehsal həcmi 40 000 ton olan müəssisələrdə 600 nəfər işlə təmin ediləcək.

 

Maye, toz, gel, yarpaq gübrələri, plastik tara və su qabları istehsal ediləcək

Məhəllə artıq tamamən rezidentlərə paylanılıb. 4 hektar ərazidə tikilən 4 istehsalat korpusu 4 hüquqi şəxs tərəfindən icarəyə götürülüb.

Tikinti materialları istehsalı üçün avadanlıqların istehsalı ilə məşğul olacaq "Elberq” MMC-nin investisiya dəyəri 12 milyon manatdır. İstehsalat korpusunda 5000 kilometr ərazi icarəyə götürən müəssisədə ilkin olaraq 100 nəfər işlə təmin ediləcək.

İnvestisiya dəyəri 930 min manat olan "Uysal Company” MMC isə plastik su qabları istehsal edəcək. 1400 kilometr ərazini icarəyə götürən şirkətin illik istehsal gücü 100 000 ədəd plastik qabdır. Aprel ayında müəssisə fəaliyyətə başlayacaq.

Məhəllənin rezidentlərindən biri də "Plasttech” MMC-dir. 700 kvadratmetrlik ərazi icarəyə götürən şirkət plastik taralar istehsal edəcək. İnvestisiya dəyəri 1,2 milyon manat, illik istehsal gücü isə 600 tondur.

İstehsalat korpusunda 1300 kvadratmetr ərazini icarəyə götürən "Aqromarket Servis” MMC isə maye, toz, gel, yarpaq gübrələr istehsal edəcək. Müəssisənin investisiya dəyəri 1,3 milyon manatdır. Burada ilkin mərhələdə 68 nəfər işlə təmin olunacaq. İllik istehsal günü isə 9000 tondur.

 

"QAZ” avtomobil zavodunun təməli qoyulub

Digər rezident isə "Azərmaş” ASC-dir. Hazırda Neftçala Sənaye Məhəlləsində də fəaliyyət göstərən müəssisəyə burada 1,6 hektara yaxın torpaq sahəsi icarəyə verilib. Müəssisə öz profilinə uyğun zavod tikəcək.

Xatırladaq ki, Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq 2018-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və "AZƏRMAŞ” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdı. Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində "QAZ” markalı yüngültonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına başlanmasını nəzərdə tuturdu.

Fevralın 9-da məhəllədə "Azərmaş” ASC-nin Rusiya Federasiyasının "Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçar nikov iştirak ediblər.

İstehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin açılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat, istehsal həcmi ildə 1000 ədəd avtomobil olan "QAZ” avtomobil zavodunda istehsal olunacaq avtomobillərin yarısı daxili bazarda satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac ediləcək. Bu zavodun açılması əlbəttə ki, Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə də öz töhfəsini verəcək.

 

Tikinti materiallarının qırıcı elementləri, 976 yeni iş yeri

Sənaye məhəlləsinin daha bir rezidenti "Azərmədənistehsal” MMC-dir. Məhəllənin 1,77 hektar torpaq sahəsini icarəyə götürən şirkət tikinti materiallarının qırıcı elementlərinin istehsalı ilə məşğul olacaq.

İnvestisiya dəyəri 7 milyon manat olan şirkət icarəyə götürdüyü torpaq sahəsində öz profilinə uyğun müəssisə tikəcək. İllik istehsal həcmi 3600 ton olan şirkətdə ilkin mərhələdə 36 iş yeri açılacaq. Müəssisənin bu ilin oktyabrında işə düşəcəyi gözlənilir.

Ümumiyyətlə, sənaye məhəlləsinin bütün rezidentlərinin fəaliyyətə başlaması ilə burada 976 yeni iş yeri yaradılacaq və müəssisələrin istehsal etdikləri məhsullar, avadanlıqların satış bazarları ilkin olaraq MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.

 

77 milyon manat özəl investisiya

Bu gün ölkəmizdə 2 sənaye məhəlləsi - Neftçala və Masallı sənaye məhəllələri artıq istifadəyə verilib. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quruculuq işləri başa çatıb, Sabirabad Sənaye Məhəlləsində isə quruculuq işləri davam edir.

Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq.

Ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması gözlənilir.

 

© "Azərbaycan"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)