Nəhəng layihələr üzrə "Dayanıqlı Maliyyə hesabatı" təsdiqedici sənəd kimi tələb edilə bilər
Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən dayanıqlı maliyyə üzrə hesabatlılıq çərçivəsinin formalaşdırılması istiqamətində işlər aparır.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, iqlim dəyişikliklərini də nəzərə alaraq Azərbaycanda həyata keçirilən nəhəng layihələr banklar tərəfindən maliyyələşdirilərsə və Mərkəzi Banka verilən hesabatlarda "yaşıl kredit" kimi qeyd edilərsə, o zaman "Dayanıqlı Maliyyə hesabatı" təsdiqedici sənəd kimi tələb edilə bilər.
“AMB-nin səlahiyyətlərindən biri kredit təşkilatlarına nəzarət etməkdir. Hazırda dayanıqlı maliyyə üzrə banklar tərəfindən Mərkəzi Banka hesabatların təqdim edilməsi ilə bağlı tələblər mövcud deyil, lakin AMB tərəfindən müvafiq hesabatlılıq çərçivəsinin formalaşdırılması istiqamətində işləri davam etdirilir”, - AMB qeyd edib.
Xatırladaq ki, Mərkəzi Bank ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsi məqsədlə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi hazırlayıb. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla maliyyə institutlarının maliyyə və investisiya qərar qəbuletmə və risklərin idarə edilməsi proseslərinə iqlim dəyişmələri və ESİ amillərin inteqrasiyasını, maliyyə bazarı iştirakçılarının istiqamətləndirilməsi məqsədilə müvafiq standartların və bələdçi sənədlərin işlənib hazırlanmasını və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılmasını əhatə edir.
Dünya Bankı Qrupunun “İqlim və İnkişaf Hesabatı”na əsasən, Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard ABŞ dolları məbləğində investisiyaya ehtiyacı var. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun iştirakı ilə - 60 %-i hökumət və ictimai qurumlar tərəfindən, qalan 40 %-i isə banklar tərəfindən maliyyələşdirilməsi təmin edilə bilər. Yəni gələcək 36 il ərzində banklar tərəfindən "yaşıl maliyyə"yə yönləndirilməsi məqsədə uyğun hesab edilən həcm 17,6 milyard ABŞ dollardır.