COP29 günlərində valyuta dəyişmə məntəqələri necə işləyəcək?
Bir neçə gün sonra Bakı dünyanın ən böyük və qlobal tədbirlərindən biri olan COP29-da iştirak edəcək minlərlə qonaq qarşılayacaq. Xaricilərin gəlişi ilə eyni zamanda ölkəyə xeyli miqdarda valyuta gələcək. Bu isə o deməkdir ki, nağd milli valyutaya da ehtiyac arta bilər.
Həmin günlərdə valyutadəyişmə məntəqələrinin işi necə qurulacaq?
ENA-nın bununla bağlı sualına AMB sədri Taleh Kazımov bildirib ki, maliyyə institutları lazımi hazırlıq tədbirləri görüb. Valyutanın alış və satışında çətinliklərin olmaması üçün addımlar atılıb.
“Valyuta məntəqələri kifayət qədər valyuta ilə təmin edilməlidir. Hazırda həm nağd manat və nağd valyuta baxımından çətinlik yoxdur. Valyuta dəyişmə məntəqələrinin kifayət qədər dolu olmama ehtimalı var və bununla bağlı biz banklarla müzakirə aparmışıq, həmin müzakirələr davam etdiriləcək” - deyə Mərkəzi bank sədri vurğulayıb.
T.Kazımovun sözlərinə görə, manat emissiya edən Mərkəzi Bank öz növbəsində nağd manat kütləsi və eləcə də nağd valyuta təchizatında vəziyyətin stabil olduğunu hesab edir.
Buna görə də COP29 günlərində hər hansı bir xüsusi rejim və ya prosedur tətbiq edilməyəcək.