Marketinq və reklam

Bakı Fond Birjasında AccessBank istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında növbəti “Açılış Zəngi” tədbiri AccessBank-ın manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.

Belə ki, AccessBank kapital bazarında yerli valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. 28 iyun 2024-cü il tarixində baş tutan Açılış zəngi tədbiri ilə bankın 5 000 000 (beş milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 18 aydır. Sənədsiz, adlı, istiqraz faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri ABB-İnvest İnvestisiya Şirkətidır.

Tədbirin sonunda emitent – AccessBank, Bakı Fond Birjası və ABB-İnvest İnvestisiya şirkətinin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)