MALİYYƏ

Fitch Azərbaycan banklarına qarşı mənfi düzəliş kimi nəzərdə tutulan “tənzimləyici və hüquqi çərçivəni” ləğv etdi

Fitch Ratings Beynəlxalq Agentliyi, Azərbaycan banklarının “bb” əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “tənzimləyici və hüquqi çərçivəni” ləğv edib.

ENA.az xəbər verir ki, bununla bağlı Agentliyin açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyəti ilə bağlı qiymətləndirmələr də diqqət çəkir.

Məlumata görə, AMB 2022-ci ildən etibarən tənzimləyici nəzarəti gücləndirib. AMB-nin bu istiqamətdə təşəbbüsləri, xüsusilə də istehlak kreditləşməsi seqmentində effektiv makroprudensial tədbirlərin həyata keçirilməsi və tənzimləmənin gücləndirilməsi bankların risk profilinə müsbət təsir göstərib.

“Fitch” hesab edir ki, AMB artıq problemli aktivlər üzrə aşağı ehtiyatlanma və əlaqəli tərəflərin risklərinin tanınmaması ilə bağlı məsələlərə daha sərt mövqe nümayiş etdirir. Buna görə də Agentlik yerli bankların “bb” əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “tənzimləyici və hüquqi çərçivəni” ləğv edib.

“AMB 2022-ci ilin sentyabr ayında izafi likvidliyi idarə etmək və yenidən maliyyələşdirmə dərəcəsinin ötürücülüyünün təkmilləşdirilməsi üçün pul siyasəti alətlərini konfiqurasiya edib. Bu da yerli banklara likvidliyin idarə edilməsi üzrə daha çox alətlərin təqdim olunmasına imkan verib” – deyə açıqlamada bildirilir.

Həmçinin qeyd olunur ki, görülən işlər qısamüddətli banklararası bazarın daha da aktivləşməsi ilə nəticələnib. Agentlik yerli maliyyə bazarında nəzərəçarpan inkişaf dinamikasına görə əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “maliyyə bazarının inkişafı” çərçivəsini də aradan qaldırıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)