MALİYYƏ

Dövlət şirkəti ləğv edilir – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

ENA.az Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

“Azərkontrakt” ASC Azərbaycanda təbii qazı hasil edənşirkətdən alaraq “Azəriqaz” İB-yə və “Azərenerji” ASC-yə satır.

“Azərkontrakt” ASC-nin 2023-cü il maliyyə nəticələri açıqlanıb və şirkətin ümumi gəlirində əvvəlki ilə nisbətən azalma müşahidə edilib. Bu da onun illik xalis mənfəətinin kəskin düşməsinə gətirib çıxarıb. Şirkətin 2023-cü ildə ümumi gəliri 1 milyard 520.8 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki 1 milyard 674.7 milyon manat ilə müqayisədə 9.2% azalmadır. Əməliyyat xərcləri isə daha az – 1.4% azalma ilə 1 milyard 502.2 milyon manata düşüb.

Bütün gəlirlər və xərclər fərqindən sonra hesablanan xalis mənfəət 41.7 milyon manat olmaqla 2022-ci ildə qeydə alınmış 148.1 milyon manatdan 71.8% az olub.

 Prezidentin bugünkü sərəncamda deyilir:

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – SOCAR) tərəfindən həyata keçirilsin.
“Azərkontrakt” ASC 2024-cü il dekabrın 1-dən ləğv edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərkontrakt” ASC-nin digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. “Azərkontrakt” ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-dək təmin edilməsi üçün tədbirlər görsün;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərkontrakt” ASC-nin balansında olan digər dövlət əmlakından istifadə ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

SOCAR:

5.1. bu Sərəncamın 1-ci, 2-ci hissələrinə və 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması ilə bağlı strukturuna daxil olan qurumlar arasında səlahiyyət bölgüsünü təmin etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2024-cü il

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)