Praqa sadəcə sərxoş olmaq istəyən turistlərə müraciət edib: GƏLMƏYİN!
Praqada turizm agentliklərinə gecə meyxanalarında gəzintilər təşkil etmək qadağan edilib. Artıq 22:00-06:00 arasında ekskursiyalar mümkün olmayacaq. Meriya izah edib ki, bu yolla Çexiya paytaxtına fərqli tipli səyahətçi cəlb etmək istəyirlər.
"Biz daha mədəni və zəngin turist axtarırıq, sadəcə sərxoş olmaq üçün qısa müddətə gələn adamı yox" deyə mer müavini Jiri Pospisil bildirib. Rəsmilər hesab edir ki, yeni tədbir şəhərin gəlirlərinə təsir etməyəcək.
Bu arada, Praqa uzun müddətdir ki, əsasən Böyük Britaniyadan olan kişi məclisləri və meyxana həvəskarları üçün məşhur bir yer olub. Bəzi restoranlarda pivə hələ də sudan ucuzdur. Eyni zamanda, turistlərin gecələr təkbaşına və ya dostları ilə eyni barlara getməsinə heç kim mane olmur. Əsas odur ki, mütəşəkkil dəstələrlə getməyin.
Praqa müəyyən kateqoriyalı turistləri görmək istəməyən ilk Avropa şəhəri deyil. Belə ki, Amsterdamda keçən ildən etibarən axtarış sistemlərində “Amsterdamda kişi qonaqlığı", “Amsterdamda ucuz otel” və “Amsterdamda meyxana gəzintisi” kimi sorğular zamanı görünən cərimələr və sağlamlığa dəyən zərər haqqında anti-reklam tapa bilərsiniz.
Bu arada Tailand spirtli içkilərin gündəlik satışına qoyulan qadağanı aradan qaldırmaq barədə fikrini dəyişib. Turistlər hələ də saat 14:00-dan 17:00-a kimi spirtli içki ala bilməyəcəklər.