Aqrar

Azad olunan ərazilərdə yetişdirilən narın satışına başlanılır

Bu il Azərbaycanın əksər regionlarında nar ilə bağlı ciddi məhsul itkisi olub.

Bunu “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Onun sözlərinə görə, builki hava şəraiti Azərbaycanın regionlarında məhsuldarlığa və meyvələrin keyfiyyətinə müəyyən dərəcədə mənfi təsir göstərib: “Xüsusən yay mövsümündə baş vermiş dəyişkən və yağmurlu hava şəraiti məhsulun böyümə mərhələsinə təsir edib, həmçinin vaxtından tez çürümə halları və iç qurdu deyilən problemlər müşahidə olunub. Demək olar ki, əksər regionlarda ciddi məhsul itkisi olub”.

Assosiasiya sədri qeyd edib ki, qlobal iqlim dəyişilikləri, xüsusən dolu, həmçinin yaz və yay dövründə baş verən quraqlıqlar və ya intensiv yağışlar məhsula xeyli dərəcədə zərər vurub: “Narın həcmi və keyfiyyəti əsasən iqlim şəraitindən, istifadə olunan aqrotexniki üsullardan və kənd təsərrüfatı texnologiyalarından asılıdır. 2023-cü il ilə müqayisədə hava şəraitini nəzərə alaraq, builki məhsuldarlığın keyfiyyətli, yəni satışa uyğun olan həcmi az ola bilər”.

F.Qaraşov vurğulayıb ki, narçılığa töhfə verən regionlar kimi hazırda Aran, Mil-Muğan, Yuxarı Şirvanın aşağı rayonları və Qarabağ bölgəsini qeyd edə bilərik: “Xüsusilə işğaldan azad olunmuş Ağdam regionunda olan bir neçə fermerimiz artıq bizə nar satışı ilə bağlı müraciət edib və biz Assosiasiya olaraq alıcılar və satıcılar arasında koordinasiyanı təmin etmişik”.

Narın keyfiyyət göstəricilərindən danışan Assosiasiya rəhbəri deyib ki, bu, əsasən, məhsulun dadı, şəkər miqdarı və qabığın vəziyyəti ilə ölçülür: “Təbii ki, Azərbaycan narı hər zaman dadı və digər üstünlükləri ilə qabaqcıl olub. Bundan başqa, çəyirdəyi qismən yumşaq nar növü də Azərbaycanda yetişdirilir. Xarici bazarlarda “Gülöyşə”, “Vələ”, “Bala Mürsəl”, “Qırmızı Qabıq” sortlarına daha çox tələbat var”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)