SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır
Bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü günündə keçirilən panel müzakirəsində deyib.
“SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağı karbonlu layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş portfelimiz olacaq”, – o bildirib.
H.Abdullayevin sözlərinə görə, şirkət həmçinin öz istixana qazı emissiyalarını analoqlar və beynəlxalq standartlarla müqayisə edilə bilən səviyyəyə endirməyi planlaşdırır.
“Biz inanırıq ki, 2050-ci ilə qədər biz tamamilə bazarda möhkəm mövqe tutan milli enerji şirkətinə çevriləcəyik. Enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyik, həmçinin neft-qaz sənayesinin iqlimə təsirinin azaldılması üçün kifayət qədər səy göstərəcəyik”, – o vurğulayıb.