MALİYYƏ

“İstənilən şəxs özəl pensiya sistemi yarada bilər”

“Özəl pensiya sistemlərinin yaradılması ilə bağlı qaunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Bununla əlaqədar istənilən şəxs müraciət edə bilər”

"BI" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, özəl pensiya sisteminin yaranması üçün onun kommersiya, mənfəətlik tərəfi olmalıdır.

“Bu, birbaşa məşğulluq bazarına, əhalinin gəlirlərinə, əmək haqlarına, onların üzərində aparılan araşdırmalara bağlıdır. Bu gün Azərbaycanda həyat sığortası fəaliyyət göstərir. Bu, özəl pensiya sisteminin ilk pilləsidir. Onların inkişafının müəyyən mərhələsində özəl pensiya fondlarına çevrilməsi də gözləntilərdən biri ola bilər”.

Bu gün həyat sığortası üçün qanunvericilikdə kifayət qədər güzəşt verildiyini deyən nazir vurğulayıb ki, qısa müddətdə həyat sığortasından istifadə edən şəxslər böyük güzəştlər əldə edirlər. “Birmənalı olaraq nəzərə almaq lazımdır ki, özəl pensiya sistemi pensiya sisteminin inkişafının dördüncü pilləsini təşkil edir. İlk pillə baza pilləsidir. Sonra sığorta, yığım pilləsi, daha sonra könüllü pilləsi gəlir. Bu gün Azərbaycanda sığorta pilləsi geniş, yığım pilləsi isə yeni tətbiq olunur. Bunun üçün də könüllü pensiya sistemi pilləsi üçün kifayət qədər vaxta ehtiyac var”.

 

(c) Azvision.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)