İqbal Ağazadəyə qarşı edilən dələduzluğun məbləği məlum olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"BI"nin xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim deyib ki, zərərçəkmiş İ.Ağazadə ilə telefon vasitəsi ilə əlaqə saxlanılıb. O, məhkəmənin hazırlıq iclasının vaxtını bidiyini söyləyib. Sabiq deputat məhkəmə iclasının özünün iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə kömək olunmasını istəyib. Hakim növbəti məhkəmə iclaslarında zərərçəkmişin məhkəməyə çağırılacağını deyib.
Məhkəmənin baxış iclası martın 1-nə təyin edilib.
İttiham aktına əsasən, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.
Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan o, apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb