Bankların verdiyi ipoteka kreditlərində sərtləşmə davam edəcək
Bu ilin II rübündə cəmi ipoteka kreditlərinə tələb azalıb. Azalmanın əsas səbəbi bankların verdiyi daxili ipoteka kreditləri olub. Eyni zamanda, bankların dövlət fondu olan İpoteka və Kreditlərin Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbində də bu ilin ilk üç ayı ilə müayisədə aprel-iyun aylarında düşmə tendensiyası nəzərə çarpır.
Sorğu nəticələrinə əsasən, banklar növbəti rübdə də ipoteka kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə tələbin azalacağını proqnozlaşdırırlar.
Sorğunun 2024-cü il II rüb üzrə nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə də müşahidə edilib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditlərində qeydə alınıb. Dövlət fondu hesabına verilən ipoteka kredit standartlarında isə dəyişiklik yoxdur.
Banklar növbəti rübdə də daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda mənfi amillərin təsirlərinin davam edəcəyini gözləyirlər.
Bankların sorğuda qeyd etdiyi cavablara görə, ipoteka kreditləri üzrə kredit standartlarına maliyyələşmə dəyəri, digər banklarla rəqabət, daşınmaz əmlak bazarı, bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olub.