Almaniya "Commerzbank"dakı payından satmağı planlaşdırır
Almaniya hökuməti “Commerzbank”dakı payını azaltmağı planlaşdırır. Bankın təxminən 2,5 milyard avro dəyərində olan 16,5 faizlik payını idarə edən ölkənin maliyyə qurumu payın nə qədər hissəsini satmağı nəzərdən keçirdiyini və prosesin nə vaxt planlaşdırıldığını açıqlamayıb.
Almaniya Maliyyə nazirinin müavini Florian Toncar mövzu ilə bağlı verdiyi açıqlamada:
“Federal hökumətin 2008 və 2009-cu illərdə Commerzbank-a daxil olması, bank böhranının ortasında maliyyə bazarının sabitliyinin qorunub saxlanması baxımından əhəmiyyətli idi. Federal hökumətin Commerzbank-dakı payının azaldılması Commerzbank-ın və Almaniyanın maliyyə mərkəzi kimi gücünün əlamətidir", - deyib.
Digər Avropa bankları kimi Commerzbank da Avropa Mərkəzi Bankının (ECB) 2022-ci ildə başlayan faiz artımı seriyasından faydalanıb. May ayında on ildən çox müddətdə ən yüksək səviyyəyə çatan bankın səhmlərinin qiyməti bu il təxminən 20 faiz artıb. Maliyyə Qurumunun prezidenti Eva Qrunvald açıqlamasında deyib:
“Bankın iqtisadi vəziyyəti durmadan yaxşılaşıb. Federal hökumət Commerzbank-dakı payını azaltmaqla və səhmdarlar sırasından çıxış prosesinə başlamaqla bu müsbət inkişafa cavab verir".
Bloomberg yazır ki, məsələyə yaxın mənbələrin məlumatına görə, Almaniya dövləti hələlik bütün səhmlərini satmaq niyyətində deyil.