Sosial iqtisadiyyat

Azərbaycanda vergi-gömrük inzibatçılığında islahatların davamlılığına mənfi təsir edən amillər açıqlanıb

Malların vahid kodlaşdırma ilə unifikasiyasının təmin edilməməsi, xüsusilə qeyri-neft sektoruna aid idxal, ixrac, istehsal, emal, topdan və pərakəndə satış dövriyyəsinin adlı (unikal) izlənməsini, yəni vergi və gömrük inzibatçılığında mütərəqqi rəqəmsal alətlər vasitəsi ilə islahatların davamlılığına mənfi təsir edib.

Bu barədə Hesablama Palatasının idxal-ixrac əməliyyatlarına dair keçirdiyi auditin nəticələrində bildirilir.

“İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 1.4-cü bəndinin 2-ci hissəsində, eləcə də 3.1-ci bəndinin 2-ci hissəsində görüləcək işlərin icra müddətləri, müvafiq olaraq 01.01.2019-cu il və 01.10.2018-ci il tarixlərinədək müəyyənləşdirilsə də auditlə toplanmış sübutlar 4-5 il keçməsinə baxmayaraq tapşırılmış işlərin tamamlanmadığını göstərir ki, bu da malların vahid kodlaşdırma ilə unifikasiyasının təmin edilməməsi şəraitində xüsusilə qeyri-neft sektoruna aid idxal, ixrac, istehsal, emal, topdan və pərakəndə satış dövriyyəsinin adlı (unikal) izlənməsini, yəni vergi və gömrük inzibatçılığında mütərəqqi rəqəmsal alətlər vasitəsi ilə islahatların davamlılığına mənfi təsir edib", - hesabatda deyilir.

İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən xarici ticarət iştirakçılarının gömrük bəyannamələrinin auditin gedişatında vergi orqanı tərəfindən təqdim edilmiş məlumatdakı sayı 1 797 şəxs üzrə 18 180-nə, gömrük orqanı tərəfindən təqdim edilmiş məlumatdakı sayı isə 1 862 şəxs üzrə 22 417-yə bərabər olmaqla, müvafiq olaraq 413 xarici ticarət iştirakçısının 4 559 gömrük bəyannaməsi vergi orqanının siyahısında, 161 xarici ticarət iştirakçısının 322 gömrük bəyannaməsi gömrük orqanının siyahısında əks etdirilməmiş, eyni zamanda adları vergi orqanı tərəfindən auditin gedişatında faktiki olaraq üçüncü şəxslər üçün malların idxalı ilə məşğul olanlar kimi açıqlanan 18 hüquqi şəxs isə vahid risk platformasına ümumiyyətlə daxil edilməyib ki, bu da birgə nəzarət çərçivəsində vahid risk yanaşması baxımından adlı siyahının (fokus qrupun) eyniləşdirilmədiyini göstərib.

Bakı Baş Gömrük İdarəsi üzrə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallara dair rəsmiləşdirilmiş 234 872 gömrük bəyannaməsindən 8 %-i (18 962 gömrük bəyannaməsi) əhatə olunsa da birgə nəzarətə məruz qalan həmin bəyannamələrin 91 %-də hər-hansı uyğunsuzluq halları aşkar edilməyib ki, bu da inzibatçılıq resurslarının vergi və gömrük orqanlarının birgə nəzarət fəaliyyətinin məqsədlərinə yetərincə hədəflənməməsindən xəbər verir.

Xarici ticarət tərəfdaşları arasında ümumi idxalın tərkibinin 2022-ci ildə 14,4 %-ni təşkil edərək üçüncü yerdə, 2023-cü ildə isə 17,5 %-ni təşkil edərək ikinci yerdə qərarlaşmış Çin Xalq Respublikasından idxal edilməklə Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş 3 677 sayda mal kodu üzrə malların 85,7 %-nin gömrük dəyərinin (invoys dəyəri ilə müqayisədə) artırılması şəraitində mövcud olan əhəmiyyətli risklər operativ dəyərləndirilməmiş və Çində gömrük attaşesinin təyin edilməsi məsələsi vaxtında qaldırılmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)