Bank

SWIFT mərkəzi bankların rəqəmsal valyutaları üçün yeni platforma yaradacaq

Beynəlxalq hesablaşma sistemi olan SWIFT yaxın bir-iki il ərzində mərkəzi bankların rəqəmsal valyutaları (CBDC) üçün yeni platforma yaratmağı planlaşdırır. Bu barədə adı açıqlanmayan mənbəyə istinadən “Reuters” məlumat yayıb. Bildiyiniz kimi, kriptovalyutaların, xüsusən də “Bitcoin”in artan populyarlığı dünyanın bir çox mərkəzi banklarının öz rəqəmsal valyutalarını inkişaf etdirməyə başlamasına səbəb olub. Hazırda mərkəzi bankların təxminən 90%-i ya öz rəqəmsal valyutalarını tədqiq edir, ya da artıq təqdim ediblər.

“Reuters” SWIFT-in innovasiyalar üzrə direktoru Nik Kerriqana istinadən bildirib ki, platforma uğurla sınaqdan keçirilib. Sınaqlar 6 ay ərzində aparılıb və orada 38 mərkəzi və kommersiya bankı, eləcə də hesablaşma sistemləri iştirak edib. Testlərin məqsədi CBDC-də ödənişləri uyğunlaşdırmaq və yeni platformanın fəaliyyəti üçün vahid “protokol” yaratmaq üçün “yol xəritəsi” hazırlamaq olub. Cənab Kerriqanın sözlərinə görə, sınaqlar uğurla keçib və göstərib ki, mərkəzi banklar öz rəqəmsal valyutalarında qarşılıqlı hesablaşmalar üçün mövcud infrastrukturdan istifadə edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)