BİZNES

İdxal azalıb. Ticarət dövriyyəsində müsbət saldo artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu 2 milyard 333 milyon 333,39 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 7 milyard 226 milyon 608,75 min dollar təşkil edib. Bununla yanaşı, ixrac 4 milyard 779 milyon 971,07 min dollar (artım 5,7%), idxal 2 milyard 446 milyon 637,68 min dollar (azalma 7,7%) olub.

İxracın strukturunda əsas həcm neft-qaz sektoru məhsullarının (90,48%) payına düşüb.

İdxalın strukturunda ərzaq məhsulları 15,45 faiz, tütün və tütün məmulatları 0,69 faiz, əczaçılıq məhsulları 3,24 faiz, gübrə 0,36 faiz, plastik məmulatlar və onlardan hazırlanan məmulatlar 3,15 faiz, ağac və ondan hazırlanan məmulatlar 2,31 faiz, geyim və geyim aksesuarları - 2,04%, qara metallar və onlardan hazırlanmış məmulatlar - 7,41%, maşınlar, mexanizmlər, elektrik cihazları, avadanlıq və onlar üçün ehtiyat hissələri - 21,57%, nəqliyyat vasitələri və ehtiyat hissələri - 13,4%, mebel - 0,79% , digərləri – 29,59% təşkil edib.

Xarici ticarət əməliyyatlarına 5,99 min dövlət və özəl müəssisə, 11,904 min fiziki şəxs cəlb olunub.

Hesabat dövründə Azərbaycan 138 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 37,02%-i), Türkiyə (13,27%), İsrail (11,14%), Hindistan (7,55%), Tailand (4,25%), Rusiya (3,25%), Gürcüstan (2,41%), Bolqarıstan (2,2%), Portuqaliya (2,18%) və Rumıniya (2,08%) ilə həyata keçirib.

Azərbaycan əsas idxal əməliyyatlarını Çin (19,67%), Rusiya (17,83%), Türkiyə (14,11%), ABŞ (4,69%), Almaniya (4,65%), İran (3,28%), Belarus (2,82%), Türkmənistan (2,52%), İtaliya (2,4%) və Cənubi Koreya (2,4%) ilə aparıb.

2023-cü ildə Azərbaycanın xarici ticarətdə müsbət saldosu 16 milyard 613 milyon 210,17 min dollar təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 29,6% azdır.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)