Əmanətçilər pullarını banklara daha çox hansı müddətə qoyurlar?
Azərbaycan banklarında fiziki şəxslərin cəmi 12 milyard 947 milyon manat əmanəti var. Əmanətlərin 6 milyard manatı cari hesablardır. Yəni, bu hesablar vasitəsilə gündəlik əməliyyatlar icra edilir.
ENA.az xəbər verir ki, ümumilikdə banka qoyulan vəsaitlərin 10 milyard 341 milyon manatı qısamüddətli pullardır. Başqa sözlə, pulların 80%-i qısa müddətə - bir ilədək banklara etibar edilib. Bunun 8 milyard 646 milyon manatı milli valyutada, 4 milyard 301 milyon manatı xarici valyutadadır.
Cəmi 2 milyard 586 milyon manat uzunmüddətli əmanət var. Bu pulun da 1 milyard 701 milyon manatı milli valyutada, 885 milyon manatı xarici valyutadadır.
Qeyd edək ki, Azərbaycanda manatla verilən kreditlərin 3 milyard 280 milyon manatı qısamüddətlidir. Uzunmüddətli kreditlər isə 16 milyard 259 milyon manatdır. Belə çıxır ki, banklar uzunmüddətli kreditləşməni daha çox dövlət vəsaitləri hesabına formalaşan Fondlar – İpoteka və Kredit Zəmanət Fondu, Sahibkarlığın İnkişafı Fondu və Aqrar İnkişaf Fondunun pulları hesabına həyata keçirirlər.