Bakıdan İzmirə uçuşların sayı artırılır
Bİ.az xəbər verir ki, 7 noyabr 2018-ci il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakı-İzmir marşrutu ilə həftəlik uçuşların sayını 2 dəfə artırır. Bu barədə aviaşirkət məlumat verib.
“Noyabr ayının 7-dən etibarən İzmirə uçuşlar həftədə 2 dəfə - şənbə və çərşənbə günləri baş tutacaq”, - məlumatda deyilir.
Aviabiletləri aviaşirkətin rəsmi saytında ("Büdcə" tarifi), həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
"Büdcə" minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
"Super" tarifi 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. “Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer” təyyarələri daxildir.
Hazırda loukoster İstanbul, Alanya, İzmir, Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, Kiyev, Sofiya, Tbilisi və Tehrana müntəzəm və mövsümi reyslər yerinə yetirir. Bundan başqa, Gəncədən Moskvaya da birbaşa uçuşlar həyata keçirilir.**