Bank

"Azərbaycan Kredit Bürosu" “FinScore” xidmətini təqdim edib

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və "Azərbaycan Kredit Bürosu" (AKB) MMC arasında bankların iştirakı ilə onlayn görüş keçirilib.

ENA.az bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə AKB-nin yeni xidmətləri, eləcə də mövcud xidmətlərində təkmilləşmələr və bankların təklifləri nəzərə alınaraq AKB tərəfindən həyata keçirilən layihələr və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.

Əvvəlcə iştirakçılara AKB-nin Türkiyənin Kredi Kayıt Bürosu (KKB), eləcə də tərəfdaşları olan bankların, bank olmayan kredit təşkilatlarının, nisyə mal alqı-satqısı həyata keçirən təşkilatların cəlb edilməsi ilə hazırladığı “FinScore” xidməti barədə təqdimat keçirilib. Proqnozlaşdırma gücü kifayət qədər yüksək – 72,2 Gini əmsalı olan yeni modelin təqdim edilməsi zamanı cari skorla yanaşı onun formalaşmasına ən çox təsir edən 4 əsas meyarın, habelə müvafiq şəxsin son 12 aylıq skor tarixçəsinin də təqdim edilməsi xüsusi qeyd edilib.

Daha sonra, AKB ənənəvi xidmətlərlə yanaşı şəxslərin dövlət orqanlarının məlumat bazasında mövcud olan icbari öhdəlikləri ilə bağlı məlumatlar üzrə çıxarış –alternativ hesabatlar modulu barədə məlumat verib, müvafiq xidmətin istifadəyə təqdim edilməsi ilə kredit qərarlarının verilməsi zamanı borcalanların maliyyə intizamının və ödəmə qabiliyyətinin daha dəqiq, düzgün müəyyən edilməsi, bununla da məlumat asimmetriyasının azaldılması ilə risklərin minimallaşdırılmasında əhəmiyyətini vurğulayıb.

Qeyd edilən hesabatda aşağıda adları qeyd olunan dövlət orqanlarının məlumat bazalarından əldə edilən müvafiq öhdəliklərlə bağlı məlumatlar əks olunur:

- Ədliyyə Nazirliyindən fiziki şəxslərlə bağlı məhkəmə işi, icra və probasiya şöbəsinin müəyyən etdiyi öhdəliklər, notarial təsdiqlənmiş borc müqavilələri üzrə məlumatlar;

- Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən fiziki şəxslər barədə edilmiş cərimələrlə bağlı məlumatlar;

- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən hüquqi şəxs və fərdi sahibkarlar ilə bağlı əsas vergi vərəqəsi üzrə borc, əmlak (müsadirə) üzrə borc, sosial borc və işsizlikdən sığorta haqqı ilə bağlı məlumatlar.

Əlavə olaraq, tərəfdaşlardan ötən il ərzində daxil olan təkliflərin icra statusları barədə ətraflı məlumat verilib, AKB sisteminin təkmilləşməsi və təqdim edilən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)