Ərdoğan “Kaan”ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı tarixi açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kaan” qırıcı təyyarəsinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı tarixi açıqlayıb.
O, bu barədə Dənizlidə çıxışı zamanı deyib.
Prezident bildirib ki, Türkiyə milli müdafiəsi bu gün bütün dünyada öz sözünü deyir: “Kaan” döyüş təyyarəmiz də artıq havaya qalxıb. “Kaan” ilk uçuşunu həyata keçirib. Döyüş təyyarəsi 2028-ci ildə Silahlı Qüvvələrimizin inventarına daxil olacaq. Türkiyə dünyada öz döyüş gəmisini istehsal edən on ölkədən biridir”.
Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.
Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.