AÇG-dən SOCAR-a qazın ötürülməsi 23% azalıb
Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 2 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 23,1% azdır.
BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2023-cü ilin nəticələrinə dair dərc etdiyi hesabata görə, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 5,5 mln. kubmetr qaz verilib.
“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunur.
Qeyd edək ki, AÇG-də hasil edilən qazın bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (orerator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inrex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.