Bank

Valyuta hərracına Mərkəzi Bank əlavə dollar çıxartdı. NİYƏ?

Azərbaycanda dollara tələb tempi azalıb. ENA.az xəbər verir ki, ötən il ilk dəfə olaraq, banklara satılan dolların həcmi alışı üstələdi. Eyni zamanda, valyuta hərracının 92%-də Dvlət Neft Fondunun təklif etdiyi dolları tam alan olmadı. Azərbaycan Mərkəzi Bankı dolların bolluğunu nəzərə alaraq manata təzyiqi aradan qaldırmaq üçün bazardan 2,1 milyard dolları satın aldı.

Dövlət Neft Fondunun valyuta hərracına çıxartdığı dollar tam satılmadığı halda və Azərbaycan Mərkəzi Bankı özü dolları aldığı təqdirdə, 2023-cü ilin dekabr ayında Fondla bərabər hərracda əlavə 453,9 milyon dollar satması sual doğurub.  

Qeyd edək ki, 2023-cü ilin əvvəlində keçirilən iki valyuta hərracında ümumiyyətlə dollara tələb olmamışdı. İlin sonuna doğru idxal əməliyyatları ilə bağlı ödəmələr üzrə hesabatlılıq dövrü olduğundan dollara tələbat artır. Məhz ona görə də dekabr ayında valyuta hərracında 603,8 milyon dollar satılıb. Bunun yalnız 149,9 milyon dolları ARDNF-in vəsaiti olub. Dolların qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankına məxsus idi. Yəni, Mərkəzi Bank bu dəfə valyuta hərracına öz vəsaitlərini çıxartmışdı.  

Bununla bağlı açıqlama verən  AMB sədri Taleh Kazımov bildirib ki, həqiqətən də valyuta hərracına dollar çıxarılıb və bu, ölkənin fiskal tələbatı ilə bağlıdır.

Daha əvvəl, Dövlət Neft Fondunun verdiyi açıqlamaya görə, valyuta hərracında dolları tam sata bilmədiyi üçün Fond büdcəyə köçürmələrinin bir hissəsini dollarla həyata keçirib.  

ENA.az-ın bununla bağlı sualını cavablandıran T.Kazımov qeyd edib ki, büdcədə olan həmin dolların alınması zərurəti yarandığından Mərkəzi Bank bu alışı edib. Sonra isə həmin dolların bir hissəsi hərracda banklara satılıb. Yəni, dolayısı ilə olsa da, Azərbaycan Mərkəzi Bankı, Neft Fondunun büdcəyə ödədiyi dolları alaraq, manat ödəyib.   

Xatırladaq ki, 2024-cü ildə də neft qiymətlərinin yüksək qalması ehtimalı böyükdür. Ona görə də Mərkəzi Bankın bazardan dollar alışını davam etdirəcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)