BMT: Azərbaycan növbəti 5 ildə ixracı hər il $1 milyard artırmaq potensialına malikdir
Azərbaycan növbəti 5 ildə ixracın dəyərini hər il $1 milyarddan çox artırmaq potensialına malikdir. BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva belə hesab edir.
“Son bir neçə ildə Azərbaycanın ixracı davamlı şəkildə artır və 2023-cü ildə demək olar ki, $35 milyarda çatıb. Son 5 ildə qeyri-neft ixracı iki dəfəyə qədər artıb. Azərbaycan növbəti 5 ildə ixracın dəyərini hər il $1 milyarddan çox artırmaq potensialına malikdir”, - deyə o, bu gün Bakıda keçirilən “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə bildirib.
Azərbaycanın region və Avropa İttifaqı üçün əsas ixracatçı kimi mövqeyinin gücləndirilməsi üçün daxili ixrac prosedurlarının səmərəliliyi artırılmalı və infrastrukturun keyfiyyəti yaxşılaşdırılmalıdır. Vladanka Andreyeva bildirib ki, ticarət tələbləri və prosedurları haqqında məlumatlara çıxışın yaxşılaşdırılması Azərbaycanın ixracının inkişafı üçün başlıca amildir.
“ITC-in (International Trade Center) qiymətləndirmələri göstərdi ki, Azərbaycanın İT və turizm sahəsində xidmətlərinin ixracı inkişaf edir və əlverişli biznes mühitinin yaradılmasından qazanacaq”, - deyə V.Andreyeva qeyd edib.