Bank

Kreditlərin 74%-i özəl bankların payına düşür

2023-cü ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 18,8% - 23 milyard 979,12 milyon manata qədər artıb. 

Dekabrda bankların və BOKT-ların kredit portfeli 1,5% və ya 361,1 milyon manat (noyabrda +1,8% və ya 421,5 milyon manat) artıb.

Dekabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 437,84 milyon manat (hesabat dövründə azalma 26,3% - İF) və ya bütün kreditlərin 1,8%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.

2023-cü il dekabrın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 5 milyard 496,17 milyon manat (artım 42,7%) və ya bütün kreditlərin 22,9%-i, özəl banklar tərəfindən 17 milyard 686,78 milyon manat (artım 12,4%) və ya bütün kreditlərin 73,8%-i həcmində kredit verilib. Qalan 796,16 milyon manat (artım 35%) bank olmayan kredit təşkilatlarının payına düşür.

2023-cü ilin sonuna verilmiş kreditlərin ümumi həcmindən 19 milyard 538,67 milyon manat (artım 20,7%) milli valyuta, 4 milyard 440,4 milyon manat (artım 11,3%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.

Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 539,3 milyon manat (bütün kreditlərin 14,8%-i) ticarət və xidmət sahələrinin, 752,8 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 532,8 milyon manat (2,2%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 133,75 milyon manat (4,7%) tikinti sektorunun, 1 milyard 165,06 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 426,28 milyon manat (5,9%) nəqliyyat və rabitə sahələrinin, 14 milyard 6,3 milyon manat (58,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.

2023-cü ildə bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 24,2% artıb (2022-ci ildə artım 31% təşkil edib).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)