Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsul satılıb. Bunun 33 milyardı ərzaq, qalanı qeyri-ərzaq məhsulları olub.
2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Ötən il Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb.
Belə ki, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manat pul xərcləyib. Bu, 2022-ci illə müqayisədə 52,4 manat və ya 12,1 faiz çoxdur.
Pərakəndə ticarətdə 484,2 manat xərcin 270,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 213,3 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ekspertlərin sözlərinə görə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub. Ona görə də adambaşına düşən xərclər artıb. Yəni insanlar eyni məhsulu almaq üçün daha çox vəsait xərcləməli olub.