MALİYYƏ

“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nda dəyişiklik edib.

Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, Azərbaycanda kağız pul nişanlarının yararsız hesab olunması üçün müəyyənləşdirilmiş kriteriyalardan 5%-ə qədər kənarlaşma olduqda nişan yararsız hesab ediləcək. İndiyə qədər bu halda nişan tədavülə yararlı hesab olunurdu.

Həmçinin, ön və yaxud arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, eləcə də fiziki deformasiyaya məruz qalmış (əzilmə, deşilmə və s.), hissələrə ayrılmış və yaxud hər hansı bir hissəsi itirilmiş və yanmış, cilalanmış və yaxud hər hansı kənar təsir nəticəsində vizual görünüşünü itirmiş, lakin nominalı aydın görünən metal pul nişanları da yararsız hesab ediləcək.

Bundan başqa, eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60%-dən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış və eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60%-dən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri ödəniləcək. Metal pul nişanlarında isə üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış nominal dəyəri qaytarılacaq.

Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 60%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək üçün təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün AMB-yə təqdim olunacaq. Pul nişanlarının ekspertizası quruma daxil olduqdan sonra 15 iş günü müddətində aparılacaq.

Ekspertiza prosesi yekunlaşdıqdan sonra saxta pul nişanının ekspertiza aktı və saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün 10 iş günü müddətində hüquq mühafizə orqanlarına göndəriləcək. AMB-də xarici valyutada pul nişanlarının ekspertizası isə 15 iş günü ərzində həyata keçiriləcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)