Türkiyə “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırıb
Türkiyənin milli aviadaşıyıcısı Turkish Airlines ABŞ-da Alaska Airlines kompaniyasına məxsus “Boeing 737 MAX 9” təyyarəsinin germetikliyinin pozulması ilə bağlı hadisədən sonra həmin modeldən olan beş təyyarənin istismarını müvəqqəti olaraq dayandırıb.
Turkish Airlines kompaniyasının vitse-prezidenti Yahya Üstün bu barədə özünün sosial media hesabında yazıb.
Alaska Airlines kompaniyasına məxsus təyyarədə baş verən hadisədən sonra Turkish Airlines donanmasında olan beş ədəd “Boeing 737 MAX 9” təyyarəsi yoxlanılmalıdır. Texniki yoxlamalar tamamlanana qədər həmin təyyarələrin istismarının dayandırılmasına qərar verilib”, – deyə məlumatda bildirilir.
Bir müddət öncə nasazlıq səbəbindən salonunda germetikliyi pozulan Alaska Airlines kompaniyasına məxsus “Boeing 737 MAX 9” sərnişin təyyarəsi Portlend aeroportuna təcili eniş etmək məcburiyyətində qalıb. ABŞ-ın tənzimləyici orqanları hadisədən sonra təhlükəsizlik yoxlamaları üçün həmin modelli 171 təyyarənin istismarını dayandırıb.