Mərkəzi Bank valyuta bazarından miyard yarıma yaxın dolları yığıb
2023-cü ilin əvvəlindən Mərkəzi Bank (AMB) valyuta bazarında intervensiya üzrə əməliyyatlar həyata keçirib, nəticədə, 1,4 milyard dollar alıb.
“Tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda $6.7 milyard və ya ÜDM-in 12.5%-i) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 milyard dollar təşkil edib”, - AMB-nin uçot dərəcəsi üzrə bəyanatında deyilir.
Bankın məlumatına görə, nəticədə 2023-cü ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 20.3% artaraq 10.8 milyard dollara çatıb.
2024-cü ildə Mərkəzi Bank (AMB), çox güman ki, xarici valyuta alışı məqsədilə valyuta bazarında intervensiyalar tendensiyasını saxlayacaq.
“Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlamışlar...Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var”, - AMB-nin uçot dərəcəsi üzrə bəyanatında deyilir.
Xəbər verildiyi kimi, 2022-ci ildə AMB intervensiyalar çərçivəsində valyuta bazarında $2 milyard 48 milyon alıb, bu da 2021-ci ilin göstəricisindən 8,3 dəfə çoxdur.2023-cü ildə Mərkəzi Bank (AMB) sentyabr ayından etibarən valyuta bazarında intervensiya üzrə əməliyyatları aktivləşdirib. Nəticədə, 2023-cü ilin əvvəlindən AMB $1,4 milyard alıb.