BİZNES

Azərbaycanda ÜDM artımı 1%-ə belə çatmır

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 10 ayının yekunları üzrə Azərbaycanda ÜDM 0,5% artıb.

10 ay ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,2% artıb, neft-qaz sektorunda isə 1,6% azalıb.

ÜDM istehsalının 41,2%-i sənaye, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 18%-i digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4%-ni təşkil edib.

Yanvar-noyabr aylarında əhalinin hər nəfərinə düşən ÜDM 10 min 856 manata bərabər olub. Yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,9% səviyyəsində gözlənilir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)