Azərbaycan əhalisinin xərcləri artıb
2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51 milyard 278,5 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə istehlakçılara 28 milyard 673 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 2,4%), 22 milyard 605,5 milyon manatlıq qeyri-ərzaq malları (artım 5,1%) satılıb.
Bu dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3%, fərdi sahibkarlar üzrə 3,7%, bazar və yarmarkalarda 4,1% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.